DÜNYA
Malayziya Şimali Koreya vətəndaşlarının bu ölkədə işləmələrinə icazə vermir
Tokio, 29 iyun, AZƏRTAC
Malayziya hökuməti Şimali Koreya vətəndaşlarına iş üçün icazə verilməsinin dayandırılması barədə qərar qəbul edib. Kyodo agentliyinin yaydığı məlumata görə, həmin qərar cari ilin fevralında Şimali Koreya liderinin qardaşı Kim Çen Namın Kuala-Lumpur aeroportunda qətlindən sonra qəbul edilib.
2017-ci ilin əvvəllərində Malayziyada Şimali Koreyanın minə yaxın vətəndaşı çalışırdı. Onların əsasən kömür şaxtalarında və tikinti meydançalarında işlədiyi bildirilir. Mayda Malayziya Kuala-Lumpurdakı Şimali Koreya restoranının işçilərinə icazəni dayandırdıqdan sonra onlar ölkəni tərk ediblər.
Şimali Koreyada vətəndaşların xarici ölkələrə iş üçün göndərilməsi ölkənin əsas valyuta mənbələrindən hesab edilir. Şimali Koreya hökumətinin məlumatına əsasən, Çində təqribən bu ölkənin 90 min vətəndaşı çalışır. Onların dövlət büdcəsinə hər il təqribən bir neçə yüz milyon dollar mənfəət gətirdiyi bildirilir. Həmin vəsaitin bir hissəsi raket-nüvə proqramları üçün istifadə edilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio