DÜNYA
Malayziya avqustdan etibarən turistlərə vergi tətbiq edəcək
Tokio, 7 iyun, AZƏRTAC
Malayziya hökuməti avqustun 1-dən turistlər üçün yeni verginin tətbiqinə başlayacaq. Bu barədə “Straits Times” nəşri ölkənin gömrük orqanlarına istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, vergi əcnəbilərlə yanaşı, Malayziya vətəndaşlarına da tətbiq ediləcək. Məsələn, beş ulduzlu mehmanxanada yaşamağa görə qonaqlardan 20 rinqit (təqribən 4,7 dollar) əlavə vergi alınacaq. Dörd ulduzlu mehmanxanaların sakinləri 10 rinqit (2,3 dollar), üç, iki və bir ulduzlu mehmanxanalarda gecələyənlər isə 1,2 dollar vergi ödəməli olacaqlar. Ulduza malik olmayan yerlərdə gecələyənlər isə əlavə 0,5 dollar ödəyəcəklər.
Bununla yanaşı, ailələrdə, dini müəssislərin yanında olan və 10 otaqdan az yerli məkanlarda yaşayanlardan əlavə vergi tələb edilməyəcək.
Malayziyanın turizm və mədəniyyət naziri Mohamad Nəzri Əbdül Əziz bildirib ki, turistlər üçün nəzərdə tutulan məkanlar 60 faiz dolduğu halda, yeni vergi sisteminin tətbiqi ölkəyə 654 milyon rinqit (153 milyon dollar) əlavə gəlir gətirə bilər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio