DÜNYA
Malayziya polisi Kuala-Lumpurda beynəlxalq narkosindikatın üzvlərini həbs edib
Kuala-Lumpur, 27 yanvar, AZƏRTAC
Malayziya polisi paytaxt regionunda heroin qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq narkosindikatın üzvlərini həbs edib. BERNAMA agentliyinin yaydığı məlumata görə, dəstənin üzvlərinin həbsi zamanı 8,4 milyon rinqit (2,3 milyon dollar) dəyərində narkotik maddə aşkar edilərək götürülüb.
Malayziya polisi baş müfəttişinin müavini Noor Rəşid narkotik maddələrin ölkəyə gətirilməsi yolu barədə danışaraq deyib: “Heroin Malayziyaya Pakistandan gətirilib. Narkotik maddələr mebel fabriklərindən birində hazırlanan xüsusi yığma detalların arasına doldurulub. Hazır məhsullar Malayziyaya dəniz yolu ilə göndərilib”. Onun sözlərinə görə, narkotik maddələrin bir hissəsi Malayziya bazarında, qalanı isə İndoneziyada satılırmış.
Əməliyyat zamanı sindikat üzvü olan 13 nəfər həbs edilib. Onlardan altısı Pakistan, dördü İndoneziya, üçü isə Malayziya vətəndaşıdır. Həbs olunanlar arasında bir nəfər malayziyalı qadın da var.
Malayziya narkotik maddələrin qanunsuz dövriyyəsinə görə ən ciddi cəza tədbirlərinin nəzərdə tutulduğu ölkələrdən biridir. Belə ki, 15 qram heroin, 50 qram metamfetamin və 200 qram marixuananın daşınması və ya saxlanmasına görə məhkəmə tərəfindən məhkumun asılmaqla öldürülməsi barədə qərar çıxarılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur