DÜNYA
Malayziya və Çinin Cənub-Çin dənizi ilə bağlı mövqeləri üst-üstə düşür
Tokio, 4 noyabr, AZƏRTAC
Malayziya və Çin rəsmilərinin qənaətinə görə, Cənub-Çin dənizindəki ərazi mübahisələrini sülh danışıqları yolu ilə həll etmək olar. Bu sözləri Malayziyanın Baş naziri Nacib Razak Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündən sonra jurnalistlərə müsahibəsində deyib.
Baş nazirin sözlərini sitat gətirən “New Straits Times” qəzeti yazır: “Biz belə bir vahid mövqedə dayanırıq ki, bu mübahisə yüksək münasibətlərə malik olan iki dost dövlət arasında mövcuddur. Biz bu fikir ayrılığının aradan qaldırılması üçün heç bir ciddi səbəb görmürük”.
Bununla yanaşı, Nacib Razak əlavə edib ki, milli suverenitet məsələlərini həll etmək elə də asan olmadığına görə, ərazi mübahisələrinin həlli böyük zaman tələb edir. Bütün bunlar Cənub-Çin dənizində və ümumilikdə regionda sülhə və sabitliyə xətər yetirməməlidir.
Malayziyanın məsələ ilə bağlı mövqeyini açıqlayan hökumət başçısı vurğulayıb ki, bu, istənilən mübahisənin və fikir ayrılığının dialoq və sülh danışıqları yolu ilə həllini nəzərdə tutur.
Qeyd edək ki, Parasel (Sişa) adalarına və Spratli (Nanşa) arxipelaqına Pekin və Kuala Lumpurla bərabər, Bruney, Vyetnam və Filippin də iddialıdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio