DÜNYA
Malayziyada daha çox gəlir əldə edən şirkətlərə vergi güzəşti olunacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Malayziyada 2017-ci ilin büdcəsində iri və kiçik şirkətlərdən tutulan korporativ vergilərə yenidən baxmaq nəzərdə tutulub.
AZƏRTAC “vergilər.az” saytına istinadla bildirir ki, əvvəlki ilə nisbətən illik gəlirlərini 5 faiz artıran şirkətlər korporativ vergini bir faiz aşağı – 23 faiz dərəcə ilə ödəmək hüququ qazanacaqlar. Şirkətin gəlirlərinin artımından asılı olaraq, bu güzəşt 4 faizə qədər artırıla bilər.
Bundan əlavə, il ərzində qazancı 120 min dollara qədər olan kiçik təsərrüfat subyektləri üçün də korporativ verginin dərəcəsi 1 faiz aşağı salınıb: həmin şirkətlər gələn ildən korporativ vergini 18 faiz dərəcə üzrə ödəyəcəklər. Qazancları bu həddən artıq olan kiçik şirkətlər isə, əvvəlki kimi, vergini 24 faiz dərəcə ilə ödəməli olacaqlar.
2017-ci ilin büdcəsində ayrı-ayrı sahələr üçün də müəyyən güzəştlər nəzərdə tutulub. Belə ki, mehmanxana biznesinin “Pioneer Status”a malik operatorları gəlirlərindən 70 faizlik vergi güzəştindən yararlana biləcəklər.