SİYASƏT
Malayziyalı tələbələr “İslam Həmrəyliyi İli” və IV İslam Həmrəyliyi Oyunları barədə məlumatlandırılıb
Kuala Lumpur, 11 may, AZƏRTAC
Mayın 11-də Malayziya Milli Universitetində Azərbaycanda 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması və Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədi ilə sərgi və təqdimat mərasimi təşkil olunub.
Azərbaycanın Malayziyadakı səfirliyi tərəfindən keçirilən tədbirdə Universitetin rəhbərliyi, bir sıra fakültələrin tələbə və müəllim heyəti, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Səfir Qaley Allahverdiyev tədbirin təşkilində göstərilən köməyə görə Malayziya Milli Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib. O, ötən il müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edən Azərbaycanın siyasi, iqtisadi, ictimai, mədəni, elmi və digər sahələrdə əldə etdiyi uğurlar barədə məlumat verib. Bu nailiyyətlərin əldə olunmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və onun layiqli davamçısı Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti barədə ətraflı danışıb. Azərbaycanın dünya ölkələri arasında xüsusi çəkiyə malik olması və regionda lider dövlətə çevrilməsi xüsusi vurğulanıb. Səfir, həmçinin Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbirdə Azərbaycan rəhbərliyinin ölkədə idmanın inkişafına göstərdiyi diqqət və qayğı sayəsində idmançılarımızın Olimpiya oyunlarında qazandıqları uğurlar barədə danışılıb. Qeyd edilib ki, 2015-ci ildə Bakıda Birinci Avropa Oyunları, 2016-cı ildə isə Formula 1 yarışları keçirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyi, həmçinin 2017-ci il mayın 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirdə IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar ingilis dilində videoçarx təqdim edilib.
Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarda müxtəlif konfessiyalara məxsus tarixi-dini abidələrə qarşı erməni vandalizmini, həmçinin Azərbaycanda dini tolerantlığı özündə əks etdirən foto sənədlərdən ibarət sərginin açılışı olub. Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məscid və tarixi abidələri məhv etmələri barədə ətraflı məlumat verilib.
Sonra tələbə və müəllim heyətinə Azərbaycanın milli yeməklərindən və şirniyyatlarından ibarət təamlar təqdim olunub.
Tədbir çərçivəsində Universitetin kitabxanasına Azərbaycanın turizm imkanlarını, tarixini və mədəniyyətini təbliğ edən kitab və broşürlər hədiyyə edilib.
Qeyd edək ki, Malayziya Milli Universiteti ölkədə reytinqinə görə ilk beşlikdə yer alıb. Universitetin 17 mindən çox tələbəsi var və burada 35 xarici ölkədən olan gənclər təhsil alırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur