İQTİSADİYYAT
Malena Mard: Aİ ilə Azərbaycan iqtisadi əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdırlar
Bakı, 8 iyun, AZƏRTAC
Avropa İttifaqı ilə Azərbaycan iqtisadi əməkdaşlığı daha da möhkəmləndirməkdə maraqlıdırlar. AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) ölkəmizdəki daimi nümayəndəliyinin başçısı Malena Mard Avropa İttifaqı-Azərbaycan biznes forumu çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib.
O deyib: “Biz Azərbaycan ilə Aİ arasında sayca üçüncü biznes forumu təşkil etdik. Forumda 300-dən çox şirkətdən 400-dən yuxarı nümayəndə iştirak edir. Bu o deməkdir ki, Aİ ilə Azərbaycan ticari-iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsində çox maraqlıdırlar”
Aİ-nin Azərbaycanın iri ticari tərəfdaşı, xüsusən də qeyri-neft sektorunda əsas sərmayədarı olduğunu bildirən M.Mard deyib: ”Şübhəsiz ki, biz şaxələndirmə və islahatlar proqramı çərçivəsində Azərbaycanla işləmək istəyirik”.
Aİ nümayəndəliyinin başçısı xatırladıb ki, Avropa İttifaqının genişlənmə və mehriban qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan iyunun 16-da Azərbaycana gələcək.