İQTİSADİYYAT
Malena Mard: Bakı Limanı Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində əsas rol oynayacaq
Bakı, 24 may, Elvin Camalov, AZƏRTAC
Mayın 24-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Avropa İttifaqının (Aİ) TAIEX proqramı çərçivəsində seminarı öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, 70-ə yaxın iştirakçını əhatə edən tədbirin məqsədi dəniz limanlarının əməliyyatlarının idarə olunması, quru limanlar və logistika, o cümlədən liman qanunvericiliyinin təkmilləşdirilməsi kimi sahələrdə Aİ üzv dövlətlərin və beynəlxalq təşkilatların təcrübəsini öyrənməkdir.
Təlimin və Aİ ilə əməkdaşlığın əhəmiyyətindən danışan Bakı Limanının baş direktoru Taleh Ziyadov liman əməliyyatlarında Avropa standartlarının tətbiq edilməsinin Bakı Limanının şəffaflıq, nümunəvilik və müasirlik prinsiplərinə uyğun olduğunu bildirib.
“Bizim Bakı limanında böyük planlarımız var. Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonası təkcə ölkənin deyil, həm də regionun iqtisadiyyatına müsbət töhfə verərək Avrasiyanın nəqliyyat və ticarət mərkəzinə çevrilməyi qarşısına məqsəd qoyub. Bu baxımdan bütün əməliyyatlarımızın təşkilində dünyanın və o cümlədən Avropa ölkələrinin qabaqcıl limanlarının təcrübəsindən faydalanmaq çox önəmlidir”, - deyə T.Ziyadov vurğulayıb.
Taleh Ziyadov Bakı Limanının beynəlxalq təşkilatlarla əməkdaşlığının artan templə inkişaf etdirdiyini qeyd edərək, Limanın bir sıra Avropa İttifaqı limanları ilə geniş əlaqələrindən danışıb, misal kimi Avropanın ikinci ən böyük dünya limanları arasında ilk 20-liyə daxil olan Antverpen Limanı ilə Bakı Limanı arasında Anlaşma Memorandumunun imzalandığını xatırladıb.
Ümumiyyətlə, Bakı Limanı bu günədək Sinqapur, Dubay, Rotterdam kimi böyük limanlarla geniş əlaqələr qurub və həmin limanların təcrübəsinin tətbiqi istiqamətində işlər görüb.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard TAIEX əməliyyatlarının 10 il bundan əvvəl Aİ-nin qonşu ölkələrində yerinə yetirilməyə başladığını deyərək, bu günə qədər nəqliyyat, qida təhlükəsizliyi, enerji əhəmiyyətliliyi kimi sahələrdə 3000-dən artıq, Azərbaycanda isə 2016-cı ilə qədər 213 layihənin həyata keçirildiyini bildirib.
“Azərbaycanın əlverişli coğrafi mövqeyi sayəsində bu ölkənin Şimal və Cənubu, Şərq və Qərbi birləşdirən nəqliyyat və logistika mərkəzinə çevrilmək üçün böyük potensialı var. Bakı Limanının Avropa limanları ilə əlaqələrinin genişlənməsi və burada qabaqcıl dünya təcrübələrinin tətbiq edilməsi bu missiyanın yerinə yetirilməsi istiqamətində atılmış mühüm addımdır. İnanırıq ki, Bakı Limanı Azərbaycanın Avrasiyada nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində əsas rol oynayacaq”, - deyə M.Mard vurğulayıb.
Qeyd edək ki, təlimin ilk günü çərçivəsində “Dəniz limanları və XXI əsrdə onların funksiyaları”, “Beynəlxalq ticarət və nəqliyyatda dəniz limanlarının rolu”, “Limanların rəqabətə davamlı limana çevrilməsi”, “Kiçik və orta ölçülü limanlarda rəhbərlik və innovasiya”, o cümlədən “Alternativ liman rəhbərliyi və idarəetmə strukturu” kimi mövzularda İtaliya, Niderland Krallığı, Rumıniya, Belçika kimi ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən nəqliyyat, tranzit və logistika sahəsində fəaliyyət göstərən dövlət müəssisələri, həmçinin tərəfdaş təşkilat və şirkətlərin əməkdaşlarına təlim keçir. Təlim mayın 25-də başa çatacaq.