İQTİSADİYYAT
Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi məsələləri müzakirə olunub
Bakı, 28 aprel, AZƏRTAC
Son dövrdə ölkədə aparılan islahatlar nəticəsində ixrac proseduru sadələşdirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib, sertifikatın əldə edilməsi üçün ekspertiza xərcləri 30 faiz azaldılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ixracın təşkili və ixrac zamanı tətbiq olunan güzəştlər barədə sahibkarlığın maarifləndirilməsi məqsədilə aprelin 28-də İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzi tərəfindən "Mənşə ekspertizaları və ixrac zamanı güzəştlərin tətbiqi" mövzusunda keçirilən təqdimatda bildirilib.
İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru Fazil Məmmədov sahibkarlara göstərilən hərtərəfli dövlət dəstəyini vurğulayıb, sahibkarlığın ekspertiza sahəsində qarşılaşdıqları məsələlərin həlli məqsədilə onların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi və müvafiq tədbirlərin görülməsi sahəsində İstehlak Mallarının Ekspertizası Mərkəzində görülən işlər barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin İstehlak Mallarının Ekspertizası Mərkəzinin şöbə müdiri Elçin Məlikov Azərbaycan mənşəli malların ixrac proseduru, mənşə ekspertizalarının aparılması qaydaları, ixraca tətbiq edilən güzəştlər, bu güzəştlərdən yararlanmaq imkanları barədə təqdimatla çıxış edib. Bildirib ki, son dövrdə ölkədə aparılan islahatlar nəticəsində ixrac proseduru sadələşdirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək müddəti 3 gündən 1 günə endirilib, sertifikatın əldə edilməsi üçün ekspertiza xərcləri 30 faiz azaldılıb.
Qeyd edək ki, ixracatçıların maarifləndirilməsi istiqamətində Quba-Xaçmaz regional bölməsi üzrə İqtisadiyyat Nazirliyinin Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində hər ayın son 2-ci günü, Aran regional bölməsi üzrə Aran Regional İnkişaf Mərkəzində hər ayın son 4-cü günü sahibkarlar üçün "Açıq qapı" günləri təşkil edilir, onlara ekspertiza sahəsində dəstək göstərilir, maarifləndirmə işləri aparılır, seminar və "dəyirmi masa"lar təşkil edilir.