İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard” Kommersiya Bankına müvəqqəti inzibatçı təyin edib
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 2 may 2016-cı il tarixli qərarına əsasən, mayın 3-dən etibarən QSC “Bank Standard” Kommersiya Bankına (KB) müvəqqəti inzibatçı təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 3-də keçirdiyi mətbuat konfransında məlumat verib.
“Son dövrlər “Bank Standard” KB-nin aktivlərinin keyfiyyətinin pisləşməsi nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. MBNP “Bank Standard” KB-də yaranmış mövcud vəziyyəti qiymətləndirmək üçün yoxlama təyin edib. Palatanın qiymətləndirilməsi göstərib ki, mövcud səhmdarlar və idarəetmə orqanları bankda yaranmış çətinlikləri həll etmək üçün yetərli resurslara sahib deyillər. Məhz bu səbəbdən bankda yaranmış problemləri tənzimləmək üçün dövlət tərəfindən məlum qərar qəbul olunub”, - deyə R.Aslanlı diqqətə çatdırıb.
Bildirilib ki, ilkin olaraq banka 15 milyon manat ayrılıb. Qaytarılması şərti ilə “Bank Standard”a dövlət yardımı 6 ay müddətinə verilib. Hazırda bankda mövcud olan kritik likvidlik probleminin həlli üçün dövlət “Bank Standard”a yetərli həcmdə maliyyə vəsaitləri ayırıb və bu vəsaitlər artıq bankın hesabına köçürülüb. Bankın likvidlik aktivlərinin səfərbər edilməsi və lazım ola biləcək əlavə dövlət dəstəyinin həcmini müəyyənləşdirmək üçün məhkəmə qərarı ilə 1 ay müddətinə fiziki və hüquqi şəxslərin əmanətlərinin ödənilməsi dayandırılıb, başqa sözlə moratorium qoyulub. Bir ay müddətində dövlət dəstəyinin həcmi tam müəyyənləşdikdən sonra əmanətçilər öz depozitlərindən istifadə edə biləcəklər. Tətbiq olunmuş moratorium heç bir halda bankın və onun müştəriləri olan təşkilatların işçilərinə əməkhaqlarının ödənişinə şamil olunmur. Artıq banka ayrılmış likvidlik dəstəyi hesabına əməkhaqlarının ödənişinin keçirilməsinə başlanılıb.
R.Aslanlı qeyd edib ki, müvəqqəti inzibatçı bankın borcları üzrə öhdəliklərin icrası ilə yanaşı, verilmiş kreditlərin qaytarılması ilə də məşğul olacaq. Belə ki, MBNP bank tərəfindən verilmiş kreditlərin xidmət olunmasında borcalanları öhdəliklərini yüksək intizamla icra etməyə dəvət edir. MBNP QSC “Bank Standard” KB-dəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi məlumatlandıracaq. Əlavə məlumat almaq üçün “158” qısa nömrəsi ilə əlaqə saxlamaq olar. MBNP ölkənin bank sisteminin dayanıqlılığının təmin edilməsi üçün fəaliyyətini davam etdirir.
“Bank Standard” sistem əhəmiyyətli bankdır, əhalinin əmanətlərinin həcminə görə ölkədə ikinci bankdır. Bu səbəbdən dövlət bankın maliyyə dayanıqlılığının bərpası və uzunmüddətli təminatı üçün bütün lazımi tədbirləri görməyə hazırdır. Müvəqqəti inzibatçılıq 3 ay müddətinə təyin olunub. Bu müddətdə bankın sağlamlaşdırılması proqramı hazırlanacaq. Proqramın məqsədi bankın təkcə likvidliyinin deyil, həmçinin kapitalının, aktivlərinin keyfiyyətinin, bütövlükdə uzunmüddətli dayanıqlılığın təminatına yönəldilib. İyunun 3-dən etibarən hüquqi və fiziki şəxslərə depozitlər üzrə ödənişlər bərpa olunacaq”, - deyə R.Aslanlı deyib.
R.Aslanlı bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən 37 bankın hər birinə nəzarət edirik. Hər hansı başqa bankda müvəqqəti inzibatçılıq, lisenziyanın geri alınması, dayanıqsızlıq kimi hal proqnozlaşdırmırıq. Amma biz bütün hallara hazırıq, maliyyə vəsaitləri baxımından dövlət yetərli inzibati resurslara malikdir.