İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası bank sektorunun inkişafı üzrə yeni qərarlar qəbul edib

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının növbəti iclasında bank sektorunda tənzimlənmənin təkmilləşdirilməsi məqsədilə bankların MBNP-ya təqdim etdikləri hesabatlara yenidən baxılıb və yeni hesabat forması qəbul olunub.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq standartlara cavab verən yeni hesabatlılığın məqsədi makro-iqtisadi mühitə və tədiyyə balansının tarazlığına, o cümlədən milli valyutanın məzənnəsinə təsir edən amillərin ətraflı araşdırması üçün məlumat bazasının genişləndirilməsidir. Palatanın mütəxəssisləri tərəfindən yeni hesabat formasının kommunikasiyası və bankların daxili informasiya texnologiyaları sistemlərinə inteqrasiyası məqsədilə bank ictimaiyyəti üçün xüsusi təlimlərin keçirilməsi barədə qərar qəbul edilib.

Direktorlar Şurasının iclasında, həmçinin cari ilin birinci yarımilliyinin yekunları üzrə maliyyə sisteminin dayanıqlılığı və bütövlükdə, maliyyə sabitliyi məsələləri müzakirə edilib.

Məlumat verildiyi kimi, birinci rübün nəticələrinə əsasən, bankların maliyyə göstəriciləri qiymətləndirilib və maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, kapital və likvidlik mövqelərinin gücləndirilməsi ilə əlaqədar banklara fərdi göstərişlər verilib, hər bir bank üzrə icra planları hazırlanıb. İclasın gedişatında ayrı-ayrı banklar tərəfindən sağlamlaşdırma planlarının icrası durumu müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq bir sıra bankların aktivlərinin keyfiyyəti və likvidlik mövqeyinin bərpası işinin qiymətləndirilməsi və kapitallaşma planlarının realizasiya vəziyyətinin dəqiqləşdirilməsi üçün qısamüddətli diaqnostik yoxlamaların aparılması barədə qərar qəbul olunub. Bunun nəticəsi olaraq hər bir banka qarşı tətbiq olunacaq nəzarət tədbirləri müəyyən ediləcək.

Direktorlar Şurasının qərarına əsasən, Asim Zülfüqarov Baş icraçı direktorun müavini - Strateji xidmətlər departamentinin direktoru vəzifəsinə, İmran Məmmədov isə Bank fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsinə təyin olunublar. Qeyd edək ki, onlar bu vəzifələri müvəqqəti icra edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.