İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sektoruna dair yeni qərarlar qəbul edib

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına əsasən, "Qarant Sığorta" ASC-nin sığorta fəaliyyətinə verilmiş lisenziyası sığortaçının müraciətinə əsasən ləğv edilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Qarant Sığorta" ASC-nin səhmdarlarının ümumi yığıncağı tərəfindən ötən il dekabrın 25-də sığortaçının könüllü ləğv edilməsinə dair qəbul edilmiş qərarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət daxil olub. Palata "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 107.1.1-ci maddəsini və palatanın nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq "Qarant Sığorta" Açıq Səhmdar Cəmiyyətinin sığorta fəaliyyəti üçün verilmiş 23 iyul 2013-cü il tarixli 000950 nömrəli, 955 qeydiyyat nömrəli lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, "Qarant Sığorta" ASC könüllü ləğvolunma prosesində olduğundan və şirkətin istehlakçılar qarşısında öhdəliklərin icra olunmasını təmin etmək məqsədilə sığorta müqavilələrini (portfelini) qanunvericilik çərçivəsində "Paşa Sığorta" ASC-yə ötürüb. Bundan əlavə, Direktorlar Şurasının qərarı ilə "Qala Sığorta" ASC-yə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə fəaliyyətin aparılmasına dair icazə verilib.

Belə ki, bu il avqustun 15-də MBNP-yə "Qala Sığorta" ASC tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonunda Tərtər nümayəndəliyinin açılması, həmçinin sığortaçının məcmu kapitalının məbləğinin onun tələb olunan kapitalının məbləğinə çatdırılması ilə bağlı sənədlər təqdim olunub. Palata cari ilin yanvar-avqust ayları üzrə "Qala Sığorta" ASC tərəfindən ümumilikdə 3,730,528 manat sığorta haqqı toplanmasını, eyni zamanda, şirkətin yığımlarının 50 faizdən çoxunun icbari sığorta növləri üzrə əldə edildiyini nəzərə alaraq sözügedən şirkətə "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" növü üzrə fəaliyyətin aparılmasına dair icazənin verilməsini qərara alıb.

MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə Mirzəyev Bəhlul Vüqar oğluna sığorta brokeri fəaliyyətinə lisenziya verilib. Lisenziya adı qeyd olunan şəxs tərəfindən sığorta brokeri fəaliyyətinə lisenziyasının alınması ilə bağlı palataya daxil olmuş müraciətə əsasən, həmçinin qanunvericiliklə nəzərdə tutulan bütün zəruri sənədlərin təqdim edilməsini nəzərə alaraq verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.