İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri sığorta bazarının vasitəçiləri ilə görüşüb
Bakı, 23 iyul, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Sığorta Bazarına Nəzarət Departamentinin rəhbərliyi ilə sığorta bazarının vasitəçiləri arasında keçirilən görüşdə sığorta sektorunda risklərin azaldılması və əhalinin sığorta sisteminə olan etimadının qorunmasına dair inkişaf istiqamətləri müzakirə edilib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə həmçinin yüksək endirimlər nəticəsində sığorta təzminatlarının ödənilməsi zamanı sığortaçılar tərəfindən maneələrin yaradılması və istehlakçıların hüquqlarının pozulması hallarının qarşısının alınmasının vacibliyi vurğulanıb.
Sığorta iştirakçılarının məlumatlandırılması və maarifləndirilməsi MBNP-nin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq, görüşdə iştirak edən sığorta vasitəçilərinə icbari sığorta bazarında yüksək komisyon mükafatları və endirimlərə dair mövcud qadağalar barədə məlumat verilib. Həmçinin sığorta vasitəçilərinin icbari sığorta bazarında bir sıra sığorta şirkətlərinin dempinq siyasəti alətinə çevrilməməsi üçün onlara praktik məsləhətlər və beynəlxalq təcrübəyə əsaslanan tövsiyələr verilib.
Ölkə iqtisadiyyatının yeni inkişaf strategiyası sığorta sektoru qarşısında yeni çağırışlar yaradır, bazar intizamlılığı və etik davranış qaydalarına riayət olunmasını zəruriləşdirir. Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sektorunun inkişafı, sığorta şirkətlərinin maliyyə dayanıqlılığı və gücləndirilməsi, istehlakçıların hüquqlarının qorunması istiqamətində kompleks tədbirlər həyata keçirməkdə davam edir.