İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi Böyük Britaniyada işgüzar səfərdədir
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyada işgüzar səfərdədir. Səfər zamanı nümayəndə heyəti Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının (FCA) rəhbərliyi ilə görüş keçirib.
MBNP-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Böyük Britaniyanın Maliyyə Nəzarət Orqanının yüksək səviyyəli rəsmiləri Azərbaycan nümayəndə heyətini təşkilatın iş prinsipi və fəaliyyət istiqamətləri ilə tanış edib. Görüş zamanı Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı rəhbərlik etdiyi qurumun FCA ilə əlaqələrin daha da gücləndirilməsində maraqlı olduğunu deyib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Baş nazirinin ticarət məsələləri üzrə elçisi xanım Baronessa Nikolsonun təşkil etdiyi işgüzar yeməkdə iştirak edib. Mərasim zamanı Böyük Britaniyanın nümayəndə heyətinə ölkəmizdə aparılan islahatlar barədə məlumat verən Rüfət Aslanlı görüşün iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini bildirib.