İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasının www.fimsa.az rəsmi internet səhifəsi istifadəyə verilib

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) müasir tələblərə cavab verən, dizayn, istifadəçi rahatlığı və geniş texniki imkanlarla zəngin www.fimsa.az rəsmi internet səhifəsi istifadəyə verilib.

MBNP-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan və ingilis dillərində fəaliyyət göstərən səhifə funksionallığı, sürətli keçidlər, sosial şəbəkələrə inteqrasiyası və daha rahat istifadə imkanları ilə fərqlənir.

Səhifədə palatanın nizamnaməsinə uyğun olaraq kredit təşkilatları, sığorta, kapital bazarları və istehlakçıların və investorların hüquqlarının müdafiəsi istiqamətləri üzrə zəruri məlumatlar verilməklə müvafiq bölmələr yaradılıb. Belə ki, səhifə vasitəsilə istifadəçilər kredit təşkilatları, sığorta və kapital bazarları üzrə reyestrdəki dolğun məlumatlarla tanış ola bilərlər.

Səhifənin “Sənədlər və Statistika” bölməsində normativ-hüquqi sənədlər və hesabatlar öz əksini tapıb. “Lisenziyalaşdırma və icazələrin verilməsi” bölməsində maliyyə bazarları sahəsində lisenziyaların və icazələrin verilməsi, attestasiyaların keçirilməsi, həmçinin lotereyaların təşkili və keçirilməsinə dair ətraflı məlumatlar və ərizə formaları yer alıb.

Səhifədə həmçinin palataya tabe qurumlar barədə məlumatlar verilməklə, daha təfərrüatlı məlumatların alınması üçün keçidlər yerləşdirilib.

Kütləvi informasiya vasitələri palata haqqında məlumatlar və keçirilən tədbirlərə dair müxtəlif fotoşəkillərlə gələcəkdə səhifənin “Media” bölməsi vasitəsilə tanış ola biləcəklər.

Palatanın fəaliyyət göstərdiyi dövr ərzində maliyyə bazarlarının müxtəlif sahələri üzrə qəbul edilmiş vacib qərarlara dair xəbərlər ana səhifədə slayd şəklində və “Press-relizlər” bölməsində əks olunub.

Palatanın əsas prioritet vəzifələrindən olan istehlakçı hüquqlarının müdafiəsinin təmin edilməsi məqsədi ilə geniş elektron müraciət xidmətinin hazırlanması üzrə müvafiq işlər görülür. Yaxın zamanda istehlakçıların istifadəsinə veriləcək elektron müraciət xidməti vasitəsilə istehlakçılar rahat şəkildə istənilən kredit təşkilatı (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru), ödəniş sistemləri və sığorta sektoruna dair şikayət və təkliflərini palataya ünvanlaya biləcəklər.

Eyni zamanda istehlakçıların və investorların yararlanması üçün palatanın internet səhifəsində kredit təşkilatları, sığorta və kapital bazarlarına dair faydalı məlumatlar yerləşdirilib. Bundan əlavə, istehlakçıların müxtəlif hesablama aparmaları üçün yaxın zamanda sığorta, kredit, ipoteka və mümkün digər kalkulyatorlarının hazırlanması nəzərdə tutulur.

Yuxarıda qeyd edilənlərlə yanaşı, yaxın zamanda karyerasını palatada qurmaq və ya davam etdirmək niyyətində olan namizədlərin işə qəbulu üzrə elektron xidmət istifadəyə veriləcək. Xidmət, namizədlərə bilik, bacarıq və ya maraq dairəsinə uyğun vakansiya üzrə elektron müraciət etmək imkanı verəcək. Ümumi qeydiyyat bazasına əlavə edilmiş tərcümeyi-hallar namizədin gələcək vakansiyalarda nəzərdən keçirilməsi üçün istifadə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.