İQTİSADİYYAT
Maliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 8 may, AZƏRTAC
Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları nazirliyin inzibati binasında ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Mərasimdə müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs olunub.
Çıxış edənlər bildiriblər ki, öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuş Heydər Əliyev müxtəlif dövrlərdə iki dəfə Azərbaycana rəhbərlik edib və hər dəfə ölkəni tənəzzüldən, anarxiyadan, xaosdan inkişaf və yüksəlişə aparıb.
Qeyd olunub ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində qazanılan nailiyyətlər Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndərin dərin islahatlar strategiyası öz müsbət nəticələrini bütün sahələrdə olduğu kimi, Maliyyə Nazirliyinin fəaliyyətində, eləcə də dövlət maliyyəsinin idarə olunması və büdcə sahəsində də bariz şəkildə göstərir. Məhz bu uzaqgörən siyasət nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradıb.
Bu gün müstəqil Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün çağırışlarına uyğun olaraq yeni inkişaf dövrünü yaşadığını vurğulayan mərasim iştirakçıları son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən söhbət açıblar.
Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.