İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 20 yanvar, AZƏRTAC
Yanvarın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, diskontlu qısamüddətli dövlət istiqrazlarının ümumi həcmi 35 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 364 gün, ödəmə tarixi 2019-cu il yanvarın 22-dir. "PAŞA Kapital" QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqraz buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.