İQTİSADİYYAT


Maliyyə Nazirliyinin yerli orqanlarının yeni inzibati binaları istifadəyə verilmişdir

Bakı, 10 may (AzərTAc). Mayın 10-da Maliyyə Nazirliyinin Abşeron Rayonu üzrə Maliyyə İdarəsinin yeni inzibati binası istifadəyə verilmişdir.
AzərTAc xəbər verir ki, açılış mərasimində iştirak edən maliyyə naziri Samir Şərifov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoymuşlar.
Açılış lenti kəsildikdən sonra mərasim iştirakçıları inzibati bina və burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar. Bildirilmişdir ki, müasir standartlara uyğun inşa edilən inzibati binada normal iş fəaliyyəti üçün şərait yaradılmışdır.
S.Şərifov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünün qeyd olunduğu bu əlamətdar gündə kollektivi yeni inzibati binanın açılışı münasibətilə təbrik etmişdir. Nazir bildirmişdir ki, son illərdə Maliyyə Nazirliyi əməkdaşlarının iş şəraiti xeyli yaxşılaşdırılmış və nazirliyin tabeliyində olan qurumlar müstəqil inzibati binalarla təmin olunmuşdur.
Eyni zamanda, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 2 saylı Xəzinədarlıq İdarəsinin də yeni inzibati binası istifadəyə verilmişdir. Məlumat verilmişdir ki, bina hazırda 90-a yaxın büdcə təşkilatına xidmət göstərir.
Açılış mərasimində çıxış edən S.Şərifov bildirmişdir ki, son illərdə respublikamızda informasiya texnologiyaları sahəsində aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində xəzinədarlıq vasitəsilə büdcə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılmasına nail olunmuşdur. Eyni zamanda, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik uçotunun qurulması, büdcə daxilolmalarının daha səmərəli istifadə olunmasının təmin edilməsi, bu sahədə nəzarətin gücləndirilməsi, məlumatların daha operativ emal edilməsi məqsədi ilə Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin yaradılması layihəsi uğurla həyata keçirilməkdədir. Dövlət büdcəsinin vəsaitlərinin daha səmərəli istifadə edilməsi üçün Bakı şəhəri üzrə xəzinədarlıq idarələrinin, həmçinin Gəncə şəhəri, Xaçmaz və Abşeron rayonları üzrə maliyyə idarələrinin sistemə qoşulması və xəzinə əməliyyatlarının Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sisteminin çərçivəsində aparılması tam şəkildə başa çatdırılmışdır.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.