DÜNYA
Maliyyə sahəsində biometrik texnologiyaların tətbiqi genişlənir
Bakı, 30 avqust, AZƏRTAC
Biometrik texnologiyalar inamla maliyyə sahəsinə nüfuz edir. Ekspertlərin sözlərinə görə, biometrik texnologiyalar ödəniş əməliyyatlarını fırıldaqçılıqdan etibarlı qorumaqla, əlavə mühafizə səviyyəsi təqdim edir və məhz bunun sayəsində onlar dünyada məşhurlaşırlar.
AZƏRTAC "Payspacemagazine” saytına istinadla xəbər verir ki, “Tractica” şirkətinin “Maliyyə əlavələri üçün biometriya” tədqiqatına əsasən yaxın on il ərzində biometrik həlləri dəstəkləyən qurğuların sayı 2024-cü ildə on dəfə - 2015-ci ildəki 4,7 milyon ədəddən 43,7 milyona çatmaqla illik 38 faiz artım nümayiş etdirəcək. “Əksər sahələr biometrik həllərin tətbiqinə yaxındır, lakin maliyyə sahəsi bunu başqalarından tez edib”, – deyə "Tractica”nın baş analitiki Bob Lokhart bildirib.
Barmaq izlərini, gözün qüzehli qişasını tanıyan texnologiyaların quraşdırıldığı bankomatlar getdikcə dünyanın müxtəlif ölkələrində çoxalır. Mobil bankçılıq isə biometrik identifikasiya həllərini daha çox dəstəkləməyə başlayıb.
Hesabata görə, 2020-ci ilədək mobil ticarətdə transaksiyaların 60 faizi (müxtəlif qiymətləndirməyə görə, 126 milyard əməliyyat) biometriya vasitəsilə avtorizə ediləcək.