İQTİSADİYYAT
“Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıblar
Bakı, 26 may, Ramiz Quliyev, AZƏRTAC
Mayın 26-da Azərbaycan Respublikasının Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində keçirilmiş “Həyat Bilgisi və Maliyyə Savadlılığı” və “Bu günün qənaəti sabahın təminatıdır” adlı respublika müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, müsabiqəyə müəllimlər tərəfindən ümumilikdə 133, şagirdlər tərəfindən isə ümumilikdə 91 layihə təqdim olunub. Müəllimlər tərəfindən hazırlanan 7, şagirdlərin isə hazırladıqları 19 resurs müsabiqə şərtlərinə cavab vermədiyi üçün qəbul edilməyib. Təqdim edilmiş layihələr müsabiqənin rəsmi internet səhifəsində (www.musabiqe.edu.az) yerləşdirilib.
Müsabiqələrdə ən fəal iştirakçılar, Bakı şəhəri ilə yanaşı, Hacıqabul, Şəki və İsmayıllı rayonlarının şagird və müəllimləri olublar. Təqdim edilmiş resurslar Təhsil Nazirliyi və Mərkəzi Bankın mütəxəssisləri, o cümlədən iqtisadçı və müəllimlərdən ibarət Ekspert komissiyası tərəfindən 2 mərhələdə, müsabiqənin şərtlərində göstərilmiş meyarlar əsasında qiymətləndirilib.
Nəticədə hər iki müsabiqə üzrə I, II və III yerlər və fərqlənənlər müəyyən edilib. Müsabiqələrin qaliblərinə diplom və sertifikatlar təqdim olunub, qiymətli hədiyyələr verilib. Ümumilikdə, 17 müsabiqə iştirakçısı mükafatlandırılıb.
Mərkəzi Bank tərəfindən maliyyə savadlılığının artırılması strateji hədəf kimi qəbul olunub və artıq bir neçə ildir ki, ölkə əhalisinin maliyyə sahəsində maarifləndirilməsi məqsədilə “Maliyyə savadlılığı” layihəsi həyata keçirilir.
Layihənin hədəf qruplarına ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri daxildir. Müsabiqələr layihənin fəal iştirakçıları olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu, AccessBank və FİNCA Azərbaycan tərəfindən dəstəklənib.