İQTİSADİYYAT
“Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi”nin ikinci fazası üçün Dünya Bankından 3 milyon dollar ayrılıb
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycanda “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi”nin ikinci fazası (FSMP2) İsveçrə Hökumətindən ayrılmış 3 milyon dollar məbləğində qrant hesabına Dünya Bankı tərəfindən 2017-2020–ci illər ərzində icra ediləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirlər fevralın 24-də Bakıda Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyi (SECO) və Dünya Bankının (WB) təşkilatçılığı ilə “Maliyyə sektorunun müasirləşdirilməsi layihəsi”nin ikinci fazasının (FSMP) rəsmi təqdimatında bildirilib.
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının (DŞ) sədri Rüfət Aslanlı qeyd edib ki, Azərbaycan hazırda tənzimləyici baza və institutlarını gücləndirməklə maliyyə sektorunun transformasiyası məqsədilə hərtərəfli islahatlar həyata keçirir. SECO və Dünya Bankı ilə davamlı əməkdaşlıq bizə qabaqcıl beynəlxalq təcrübə və ekspertizadan faydalanmaq imkanı verəcək.
Layihənin məqsədi hüquqi və tənzimləyici bazanın genişləndirilməsi, palatanın nəzarət potensialının gücləndirilməsi, əmanətçilər və maliyyə xidməti istehsalçılarının maraqlarını qorumaq məqsədilə maliyyə təhlükəsizliyinin gücləndirilməsi vasitəsilə Azərbaycanın maliyyə sektorunu stabilləşdirmək və inkişafına dəstək verməkdir.
Rüfət Aslanlı vurğulayıb ki, layihə çərçivəsində maliyyə sektorunda həyata keçirilən əsas islahatların dəstəklənməsi məqsədilə tövsiyələrin hazırlanması, beynəlxalq təcrübənin bölüşdürülməsi və texniki yardımın təmin olunması üçün dövlət və özəl sektordan maraqlı tərəflərlə əməkdaşlıq ediləcək.
Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqvi isə diqqətə çatdırıb ki, İsveçrə tərəfindən maliyyələşdirilən Dünya Bankının bu layihəsi maliyyə sektorunun gələcək dayanıqlı inkişafını təmin etmək, iqtisadi artım və iş yerlərinin yaradılmasında bu sektorun rolunu artırmaqda Azərbaycanın dövlət qurumlarına yardım etmək üçün vaxtında irəli sürülüb.
FSMP2 maliyyə sektorunun potensialının artırılması və iqtisadi artımın dəstəklənməsi məqsədilə kreditləşmənin yenidən həyata keçirilməsi üçün Azərbaycanın maliyyə sektorunda bir sıra prioritet sahələri, o cümlədən hüquqi və tənzimləyici bazada islahatlar, maliyyə bazarlarına nəzarət qurumu olan palatanın potensialının gücləndirilməsi, bank sektorunun stabilləşdirilməsi, əmanətlərin sığortalanması bazasının gücləndirilməsi, maliyyə istehlakçılarının müdafiəsinin gücləndirilməsi və problemli kreditlərin restrukturizasiyasının dəstəkənməsini əhatə edəcək.
İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simon Haberli deyib ki, İsveçrə hökuməti Azərbaycanı iddialı iqtisadi maliyyə və sosial islahatların həyata keçirilməsində dəstəkləməyi davam etdirmək əzmindədir.
Simon Haberli, həmçinin vurğulayıb ki, maliyyə sektorunun davamlı müasirləşdirilməsi və inkişafı, o cümlədən əsas maliyyə infrastrukturu iqtisadi artım və Azərbaycan əhalisinin daha güclü sosial və maliyyə müdafiəsinin təmin olunması üçün vacibdir.