SİYASƏT
Malkolm Honlayn: Yəhudi icması tarixən Azərbaycanda sülh şəraitində yaşayıb
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədrinin müavini Malkolm Honlayn ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin ABŞ-ın yəhudi icması ilə əlaqələrə dair fikir mübadiləsi aparılıb.
Malkolm Honlayn Azərbaycana öncəki səfərlərini xatırlayaraq, ölkəmizin ildən-ilə müxtəlif sahələrdə inkişafının təqdirəlayiq olduğunu bildirib. O, həmçinin yəhudi icmasının tarixən Azərbaycanda sülh şəraitində yaşadığını və cəmiyyətə inteqrasiya etdiyini bildirib, bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə görə təşəkkürünü ifadə edib.
Nazir E.Məmmədyarov mövcud çağırışlar fonunda Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələrinin sülh şəraitində birgəyaşayışının nümunəvi xarakter daşıdığını deyərək, Azərbaycan hökuməti tərəfindən mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq edilməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Görüşdə, həmçinin beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.