İDMAN
Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb
Bakı, 28 mart, Səxavət Quliyev, AZƏRTAC
Martın 28-də futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Malta yığmasını qəbul edib.
AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçın dördüncü dəqiqəsində Namiq Ələsgərovun ötürməsini dəqiq zərbə ilə rəqib qapısına vuran Cavid Hüseynov Azərbaycan millisini hesabda önə çıxarıb. Oyunun 18-ci dəqiqəsində Rayan Kamileri ilə toqquşan N.Ələsgərov zədələndiyi üçün məcburi əvəzlənib. “Qarabağ”ın futbolçusunu meydanda Ruslan Qurbanov dəyişib.
İlk hissənin sonunadək Malta yığmasının heyətində iki dəyişiklik olub. Türkiyəli hakim Halis Özkahyanın idarə etdiyi oyunun birinci hissəsi 1:0 hesablı üstünlüklə Azərbaycan millisinin xeyrinə başa çatıb.
Futbolçularımız matçın ikinci hissəsinə fəal başlasalar da, rəqib qapısına yol tapa bilməyiblər. Oyunun 52-ci dəqiqəsində Əfran İsmayılovun zərbəsini Malta yığmasının qapıçısı asanlıqla dəf edib. Yeddi dəqiqə sonra millimizin futbolçusu Rahid Əmirquliyev kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıb. Matçın 92-ci dəqiqəsində millimizin üzvü Dmitri Nazarov ikinci topu rəqib qapısından keçirib və Azərbaycan millisi “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk qələbəsini qazanıb – 2:0.
Qeyd edək ki, 10 xalla Xorvatiya və İtaliya milliləri H qrupunda 1-2-ci yerləri tuturlar. Norveç yığması 9 xalla 3-cü, Bolqarıstan 4 xalla 4-cü sırada qərarlaşır. Aktivində 3 xal olan Azərbaycan millisi beşinci, Malta (1 xal) isə sonuncu pillədə yer alıb.