İQTİSADİYYAT
Maltalı iş adamları Azərbaycanda biznes mühiti haqqında məlumatlandırılıblar
Valletta, 29 yanvar, AZƏRTAC
Azərbaycanın İtaliyada, eyni zamanda Malta və San-Marinodakı səfiri Vaqif Sadıqov Vallettaya növbəti işgüzar səfəri çərçivəsində bu ölkənin Ticarət, Müəssisə və Sənaye Palatasında yerli iş adamları ilə görüşüb.
Tədbirdə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı çıxış edən səfir ölkəmizdə xarici investorlar üçün yaradılmış geniş imkanlardan danışıb. Diqqətə çatdırıb ki, Azərbaycanda xarici sərmayə yatırımlarına açıq olan bir çox sahələr var. Maltalı iş adamlarını Azərbaycana səfərə dəvət edən V.Sadıqov onları ölkəmizin iqtisadiyyatı ilə, burada iş qurmaq üçün mövcud imkanlarla bağlı daha geniş məlumatlar toplamağa çağırıb.
Səfir ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinə, Azərbaycanın bu regionun enerji təhlükəsizliyinin təminatındakı roluna da toxunub.
Tədbirdə, həmçinin səfirliyimizin əməkdaşı Zaur Qədiməliyev Azərbaycanda biznes və investisiya imkanları mövzusunda məruzə ilə çıxış edib.
Səfər çərçivəsində V.Sadıqov palatanın prezidentinin müavini Anton Borq və baş direktoru Kevin Borq ilə də görüşüb. Söhbət zamanı Azərbaycan və Malta arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Səfir Malta şirkətlərinin nümayəndələrinin Azərbaycana ticarət missiyalarının təşkil edilməsi təklifini irəli sürüb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Valletta