İDMAN
“Mançester Yunayted” Futbol Məktəbinin Bakıda fəaliyyət göstərməsi mühüm hadisədir
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 23-də Bayıl stadionunda “Mançester Yunayted” Futbol Məktəbinin açılışına həsr olunmuş mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Layihənin ölkə futbolunun inkişafında mühüm rol oynayacağını diqqətə çatdıran AFFA-nın baş katibi məktəb barədə ətraflı məlumat verib. Qeyd edib ki, iki il idi “Mançester Yunayted” Bakıda yay futbol məktəbi təşkil edirdi. Bu, müsbət hadisədir. Bu klubla danışıqlarımız gedirdi. Artıq klub burada daimi futbol məktəbini açdı. Bu, Azərbaycan futbolu üçün çox müsbət haldır.
“Bakcell” şirkətinin icraçı direktoru Riçard Şirer iki il ərzində “Mançester Yunayted” klubu ilə uğurlu əməkdaşlıqdan danışıb. O, layihənin uğurlu alınacağını və Azərbaycan futbolunun gələcəkdə bunun bəhrəsini görəcəyini vurğulayıb.
“Mançester Yunayted” klubunun marketinq direktoru Conatan Riqli Bakıda belə bir məktəbin açılmasından məmnunluğunu ifadə edib. Bunu yerli futbolun inkişafı üçün müsbət hal adlandırıb.
Klubun sabiq futbolçusu Mikael Silvestr Bakının gözəl şəhər olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, gələcəkdə azərbaycanlı futbolçuların İngiltərə klubunda çıxış etmək imkanı yarana bilər. Bu məktəb azərbaycanlı uşaqların gələcəkdə yaxşı futbolçu kimi yetişməsi üçün yaxşı bir məqam olacaq.
Mətbuat konfransından sonra Bayıl arenada məktəbə seçimlər başlayıb. Mikael Silvestr də uşaqlarla birgə futbol oynayıb.
Qeyd edək ki, AFFA, “Bakcell” şirkəti və İngiltərənin “Mançester Yunayted” klubu tərəfindən açılan məktəbdə məşqlər İngiltərədən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistenti tərəfindən keçiriləcək. Məşqlərə başlamamışdan əvvəl uşaqlara ingilis dili tədris olunacaq.