İDMAN


Mançester derbisi: Xosep Qvardiola rəqibi Joze Mourinyo ilə dueldən qalib ayrılıb

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Mançester şəhərində derbi həyəcanı yaşanıb. Joze Mourinyonun baş məşqçisi olduğu “Mançester Yunayted” klubu öz meydanında Xosep Qvardiolanın başçılıq etdiyi “Mançester Siti” komandasını qəbul edib.

AZƏRTAC xəbər verir ki, 76 min tamaşaçı tutumu olan “Old Trafford” stadionunda keçirilən və sonadək yüksək tempdə davam edən oyun qonaqların qələbəsi ilə başa çatıb - 2:1.

Oyunda hesabı 15-ci dəqiqədə “Mançester Siti” klubunun belçikalı yarımmüdafiəçisi Kevin de Bryöyne açıb. 20 dəqiqə sonra nigeriyalı hücumçu Keleçi İheanaço qapı dirəyinə dəyərək qayıdan topa təkrar zərbə endirərək komandasının ikincı qolunu vurub.

Bundan sonra “Mançester Yunayted” klubu irəli atılaraq hesab arasındakı fərqi azaltmağa nail olub. Ev sahiblərinin heyətində 42-ci dəqiqədə İsveç yığmasının keçmiş kapitanı Zlatan İbrahimoviç fərqlənib. O, rəqib komandanın qapıçısı Klaudio Bravonun səhvindən istifadə edərək hesab arasındakı fərqi azaldıb. Matçın 70-ci dəqiqəsində Markus Reşford hesabı bərabərləşdirməyə yaxın olub. Lakin onun zərbəsindən sonra qapıdan keçən top oyundankənar vəziyyətdə olan İbrahimoviçə toxunduğundan hakim qolu hesaba almayıb.

Beləliklə, İngiltərə çempionatının dördüncü turu çərçivəsində keçirilən Mançester derbisindən sonra 12 xal toplayan “Mançester Siti” turnir cədvəlində liderliyini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.