DÜNYA
Mançesterdə terror qurbanlarının sayı 22 nəfərə çatıb VİDEO
Bakı, 23 may, AZƏRTAC
Mançester polisi stadionda baş verən partlayış nəticəsində ölənlərin sayının 22 nəfərə çatdığını bildirib, 59 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Həlak olanlar arasında uşaqlar da var.
AZƏRTAC xəbər verir ki, şəhər polisinin nümayəndəsi İen Hopkins Britaniya televiziyalarının yayımladığı mətbuat-konfransında hücumun bir nəfər terrorçu-kamikadze tərəfindən həyata keçirildiyini güman etdiklərini deyib.
Onun sözlərinə görə hazırda polis terrorçunun təkbaşına fəaliyyət göstərdiyini, yaxud cinayət ortağının olub-olmadığını araşdırır.
Bu arada hücumun məsuliyyətinin İŞİD terror qruplaşmasının üzərinə götürdüyü bildirilir. İraqın “Ahbar İraq” internet-portalının məlumatına əsasən, bu barədə müvafiq video sosial şəbəkələrdə yerləşdirilib.
Xatırladaq ki, partlayış ötən gecə yerli vaxtla təxminən saat 22:35-də (Bakı vaxtı ilə 01:35) “Mançester Arena” stadionunda amerikalı müğənni Ariana Grandenin çıxışından sonra baş verib. Partlayıcı qurğu konsert zalının xaricində - foyedə işə salınıb. Şəhər mərkəzindən şimalda yerləşən “Mançester Arena” 21 min yerlikdir. 1995-ci ildə istifadəyə verilmiş obyekt Avropa İttifaqı ölkələrində ən böyük örtülü stadionlardan biri hesab olunur.
Hökumət insidenti terror aktı kimi qeydə alıb. Partlayışla əlaqədar Britaniyanın bütün siyasi partiyaları seçkiqabağı kampaniyanı dayandırıb.
Mançesterdəki partlayış Britaniyada 2005-ci ildə London metrosunda törədilmiş faciədən sonra ən böyük terror aktıdır. O vaxt 50-dən çox insan həlak olmuşdu.