İDMAN
Maqnus Karlsen: Azərbaycanda şahmatçılara göstərilən həssas münasibət məni heyrətləndirir
Şəmkir, 17 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Şəmkir ikinci dəfədir ki, beynəlxalq qrossmeyster, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan superturnirin iştirakçılarını qəbul edir.
AZƏRTAC xəbər verir ki, turnirin rəsmi açılış mərasimi başa çatdıqdan sonra Şəmkirdəki Heydər Əliyev Mərkəzində yarış iştirakçılarının mətbuat konfransı olub.
Dünya çempionu Maqnus Karlsen yarışla bağlı təəssüratlarını bölüşərək deyib: “Azərbaycanda şahmatçılara göstərilən həssas münasibət məni heyrətləndirib. İyunadək hər hansı turnirdə iştirak etməyi planlaşdırmırdım. Amma Şəmkir turnirinin iştirakçılarının güclü heyəti və təbii ki, Vüqarın xatirəsi fikrimin dəyişməsində öz rolunu oynadı. Birinci turda Vişvanatan Anand ilə oyunuma gəldikdə isə deyə bilərəm ki, mən güclü şahmatçılarla qarşılaşmağa adət etmişəm. Bu yaxınlarda biz onunla dünya çempionu adı uğrunda mübarizə aparmışıq. Hesab edirəm ki, püşkatma mənim üçün o qədər də uğurlu olmadı”.
Şəmkirə bir gün əvvəl gəlməsinə baxmayaraq, istirahət və gəzmək üçün imkan tapdığını deyən keçmiş dünya çempionu Vladimir Kramnik burada gördüklərinin onda xoş təəssürat yaratdığını bildirib.
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov da “Shamkir Chess 2015” turniri haqqında fikirlərini bölüşərək deyib: “Bu yaxınlarda iştirak etdiyim iki turnirdə uğur qazana bilmədim və reytinqimi aşağı saldım. Lakin bütün azərbaycanlılar kimi, mən də uğursuzluqda müsbət məqamlar tapmağa çalışıram. Məsələn, birinci Şəmkir turniri ərəfəsində mən bir sıra yarışlarda yaxşı oynadım. Amma Şəmkirdəki çıxışım uğursuz oldu. İndi Vüqar Həşimov memorialı ərəfəsində keçirilmiş iki turnirdə pis çıxış etdiyimə görə, ümid edirəm ki, Şəmkir turnirindəki çıxışım uğurlu olacaq”.