İDMAN


Maqomed Aliomarov: Azərbaycan komandasının “Tokio-2020”də 25 medal qazanacağını proqnozlaşdırmaq olar

A+ A

Bakı, 3 sentyabr, Səxavət Quliyev, AZƏRTAC 

Azərbaycan millisinin “Rio-2016” Yay Olimpiya Oyunlarında qazandıqları 18 medalın yarısı güləşçilərimizin payına düşür. Bunu yaxşı nəticə kimi dəyərləndirmək olar.

Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Maqomed Aliomarov AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“Rio-2016”da bəzi ölkələrin ümumiyyətlə Olimpiadada medalsız qaldığını bildirən Maqomed Aliomarov deyib: “Azərbaycan güləşçiləri dördilliyin zirvə yarışını 9 medalla başa vurdular. Olimpiya Oyunlarında mübarizə aparan 206 ölkədən bəziləri güləşçilərimizin qazandıqları medaldan daha az sayda mükafata sahib oldular. “London-2012” Yay Olimpiya Oyunlarında güləşçilərimiz 2 qızıl medal qazanmışdılar. Ancaq Rio-de-Janeyroda pəhləvanlarımızın bəxti gətirmədi. Qızıl medala 3 namizədimiz olsa da, onlar gümüş medallarla kifayətlənməli oldular”.

Sərbəst güləşçilərimizin Olimpiya Oyunlarında çıxışını yüksək qiymətləndirən Maqomed Aliomarov bildirib ki, mötəbər yarışa tam heyətlə qatılan idmançılarımız 5 medal qazandılar. Cəmaləddin Məhəmmədov da medala iddialı idi. Komanda hesabında sərbəst güləş üzrə millimiz yarışı birinci pillədə başa vurdu. Bu, Azərbaycanın güləş tarixində bir ilkdir.

Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident Rio Olimpiadasında qazanılan 18 medalın əvvəlki olimpiadalarla müqayisədə artdığını və bunun arxasında ölkədə aparılan uğurlu idman siyasətinin olduğunu diqqətə çatdırıb: “Azərbaycanda Olimpiya hərəkatı uğurla inkişaf edir. Bütün bunları nəzərə alsaq, millimizin “Tokio-2020”də 25 medal qazanacağını proqnozlaşdırmaq olar”.

2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarının hazırlığına yaxın günlərdə start veriləcəyini diqqətə çatdıran Maqomed Aliomarov “Rio-2016”da güləşçilərimizin çıxışının müzakirə ediləcəyini, buraxılan səhvlərin aradan qaldırılması istiqamətində lazımi addımların atılacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.