MƏDƏNİYYƏT
Maqsud İbrahimbəyovun əsəri Moskva səhnəsində
Moskva, 24 iyun, AZƏRTAC
“Biz bütün dünyanın işıqlandıracağıq!” – ötən əsrin əvvəlləri Bakı milyonçularının bu şüarı dünən Moskva teatrının səhnəsindən səslənib. Rusiya paytaxtının teatrsevərləri Azərbaycanın Xalq Yazıçısı Maqsud İbrahimbəyovun “Neft bumu hamının üzünə gülür” (“Нефтяной бум улыбается всем”) əsəri əsasında hazırlanmış tamaşanın premyerasını hərarətlə qarşılayıblar. Bütün dahi yazıçılar kimi Maqsud İbrahimbəyovun da əsərləri hansı dövrü əhatə edirsə, etsin mütləq müasirliklə, bu gün baş verən hadisələrlə səsləşir, gələcəkdən xəbər verir.
Yeni yaranmış “Teatr Truda” teatrının gənc kollektivi də Azərbaycan yazıçısının əsərinə müraciət etməkdə yanılmamışdı. Hər bir gənc kollektiv kimi, teatrın truppası da premyeralar və yaradıcılıq eksperimentləri ilə zəngin Moskvanın ərköyün tamaşaçısını təəccübləndirmək, “Biz gəlmişik!” demək istəmişdi və keçmişdən bu günə tutarlı mesajlar verən “Neft bumu hamının üzünə gülür” əsəri bu işdə onlara yardımçı oldu.
Tamaşanın rejissoru bir çox nüfuzlu mükafatlara layiq görülmüş Kiril Vıtoptovun fikrincə, “Neft bumu hamının üzünə gülür” əsəri neft, sevgi və inqilabdan bəhs edən tarixi nağıldır. Müasirlərimizin düşüncələrindən xəbər verən əsər bu günümüzlə çox səsləşir.
Aktyorlar məşhur Avstraliya bəstəkarı Benjamin Skepperin musiqisinin səsləndiyi səhnəyə Rusiyanın dəbli dizayneri Kirill Qasilin tərtibat verdiyi kostyumlarda çıxıblar.
Səhnə əsərində dramaturqun oğlu Murad İbrahimbəyovun “Neft” qısametrajlı filmindən fraqmentlərdən də istifadə olunub. Film Venesiyanın “Gümüş şir” və Rusiya Kino Akademiyasının “Nika” mükafatlarının laureatıdır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva