İDMAN
Marafon üçüncüsü: Yarışda 7 mindən çox idmançı arasında üçüncü olmaq yaxşı nəticədir
Bakı, 1 may, AZƏRTAC
Marafonun startında hamımız birlikdə qaçmağa başladıq. Bəzi idmançılar təcrübəsi olmadığı üçün yarışa sürətlə başladır və ona görə tez yoruldular. Amma mən gücümü düzgün bölüşdürərək yarışları üçüncü yerdə başa vurdum. Düşünürəm ki, 7 mindən çox idmançı arasında üçüncü olmaq yaxşı nəticədir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2016”da finişə üçüncü çatmış Tural Sadıxlı bildirib.
T.Sadıxlı deyib: “Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzində fəaliyyət göstərirəm. Buna baxmayaraq, mənə çətin oldu. İkinci yeri tutmaq üçün bir az qüvvəm çatmadı və ayağımdakı zədə maneə oldu, lakin buna növbəti dəfə nail olmağa çalışacağam”.
“Yarışlara yaxşı hazırlaşmışdım. Əvvəllər atletika idman növü ilə məşğul olmuşam və bir çox yarışlarda uğur qazanmışam. Bakı marafonunun təşəbbüskarı olan Heydər Əliyev Fonduna yarışların yüksək səviyyədə təşkilinə görə minnətdarlığımı bildirirəm. Ümidvaram ki, bu tədbirin keçirilməsi artıq ənənəyə çevriləcək”, – deyə T.Sadıxlı vurğulayıb.