ELM VƏ TƏHSİL
“Maral” əsərinin yazılmasından 105 il ötür
Bakı, 27 fevral, AZƏRTAC
Böyük şair və dramaturq Hüseyn Cavidin “Maral” əsərinin yazılmasından 105 il ötür.
Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində elmi sessiya keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Maral” Azərbaycan ədəbiyyatında qadın hüquqsuzluğu mövzusunda yazılmış ilk faciədir” mövzusunda elmi məruzə edib. Məruzədə “Maral” əsərinin təhlilini verən alim qeyd edib ki, ailə-məişət mövzusunda yazılan bu əsər pulun, sərvətin cəmiyyətdə törədə biləcəyi faciələri əks etdirir.
Sonra muzeyin əməkdaşı Bəsti Məmmədovanın “Hüseyn Cavidin “Maral” əsəri – 105 (ədəbi-tarixi xronika)” mövzusunda məruzəsi dinlənilib.
Sessiya iştirakçıları “Maral” əsərinə həsr olunmuş sərgi ilə tanış olublar.