REGİONLAR


“Maral oyunu” - Kəlbəcərin ən qədim folklor nümunələrindən biri VİDEO

A+ A

Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Əsrlərlə Azərbaycan şairlərinin misralarında, bədii ifadə və təsvirlərində gözəllik rəmzi kimi dönə-dönə vəsf edilən maral Kəlbəcərin ən qədim folklor nümunələrindən olan “Maral oyunu”nda nakam məhəbbətin simvolu sayılır.

Bu oyunun yaranma tarixçəsi barədə danışan Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evinin direktoru Akif Bayramov AZƏRTAC-a bildirib ki, əfsanəyə görə bir çoban sevdiyi qıza maral balası hədiyyə edir. Maralı bəsləyib böyüdən qız ona həm də oynamaq öyrədir. Elin bütün toy və şənliklərində maralla qız bərabər oynayıb, əylənir. Lakin qızın valideynləri onu çobana deyil, sevmədiyi birinə ərə verirlər. Toy günü gəlini aparmağa gələn qonaqlar qızın ölüm xəbərini eşidirlər. Sevgilisinin ölüm xəbəri çobana çatınca o da ayrılığa dözə bilmir, həsrətdən ürəyi partlayır. Kənd sakinləri hər iki aşiqi yanaşı qəbirlərdə dəfn edirlər. Həmin gündən maral da gözə dəymir. Bir neçə gündən sonra qəbrin ziyarətinə gələnlər maralın iki qəbrin arasında öldüyünü görürlər. Deyilənlərə görə, bu sevginin nakam sonluğu nəticədə belə bir oyunun yaranmasına səbəb olub.

Akif Bayramov deyir ki, bütün el şənliklərində və bayramlarda “Maral oyunu” hər kəs tərəfindən rəğbətlə qarşılanır. Bu gün qədim xalq oyununun təbliğində və yaşadılmasında Maral obrazının ifaçısı Elşən Əlioğlunun, zurnaçılar ansamblının rəhbəri Rafael Cəmilovun, zurna ifaçısı Seymur Bəylərovun və nağaraçı Rəsulrza Əhmədovun böyük xidmətləri var. Folklor kollektivi dəfələrlə rayon və ölkə əhəmiyyətli tədbirlərdə çıxış edib, xüsusi təltiflərə, mükafatlara layiq görülüb. Kollektivin çıxışı bir sıra xarici telekanalların da diqqətini çəkib. Onlar da qədim xalq oyununu kameranın yaddaşına köçürüb öz telekanalları vasitəsilə dünyaya yayımlayıblar. Lakin kollektivin üzvlərinin yeganə arzusu var: milli oyunumuzu yenidən Kəlbəcərin səfalı yerlərində oynamaq və gələcək nəsillərə ötürmək. İnşallah o gün də uzaqda deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.