İDMAN
Mari İbrahim əl-Atraş: Ölkəmi beynəlxalq turnirlərdə təmsil edəndə özümlə qürur duyuram
Bakı, 9 mart, AZƏRTAC
Valideynlərim həmişə mənim güclü olmağımı arzu edirdilər. Arzularımın ardınca getməyi, onlara nail olmağı və ən əsası səbirli olmağımı deyirdilər.
AZƏRTAC IV İslam Həmrəyliyi Oyunlarının rəsmi saytına istinadla xəbər verir ki, bu sözləri “Bakı-2017”də mübarizə aparacaq fələstinli üzgüçü xanım Mari İbrahim əl-Atraş deyib.
Üzgüçü həmişə beynəlxalq turnirlərdə iştirak etmək istədiyini bildirərək deyib: “Təbiidir ki, bunun üçün xüsusi hazırlıq keçməliyəm. Məşqlərimə başlayanda mənə məlum oldu ki, Fələstində Olimpiya yarışlarında qəbul olunan ölçüdə hovuz yoxdur. Bundan əlavə, bizim hovuz müvafiq cədvələ uyğun məhdudlaşdırılmışdı. Bunlara baxmayaraq, mən öz arzumdan vaz keçmədim, çempionatlara qatılmaq və digər idmançılarla mübarizə aparmaq üçün daha da gərgin məşqlər etməyə başladım”.
Ölkəsini beynəlxalq turnirlərdə təmsil etməkdən qürur duyduğunu vurğulayan xanım üzgüçü yerli turnirlərdə, bəzi çempionatlarda medallar qazandığını diqqətə çatdırıb. “Digər uğurumu isə Fələstini Olimpiya Oyunlarında təmsil edərkən şəxsi rekordumu artıraraq qazandım. Olimpiya Oyunlarının açılışında iştirak mənim üçün xoşbəxt an idi. Fələstin milli geyimini geyinmək, insanların bu geyimlə maraqlanması və mənimlə şəkil çəkdirmək istəkləri, bütün dünyaya özüm haqqında, millətimiz, tariximiz haqqında məlumat vermək çox qürurverici idi.
Mən qadınam və biz idman üçün yaxşı işlər görə bilərik. Bizim cəmiyyətimiz və ailələrimiz məqsədlərimizə çatmaq üçün imkanlar yaradır. Hər bir idmanda müxtəlif cinslərin nümayəndələrinin iştirakı olduqca vacibdir. Qadınlara məsləhətim budur ki, arzularınızın arxasınca gedin. Təslim olmayın, heç bir kəsin sizi geriyə aparmasına imkan verməyin. Çünki biz öz idmanımız və ölkəmiz üçün böyük işlər görə bilərik”, - deyə Mari İbrahim əl-Atraş əlavə edib.