İDMAN
Marina Ekajeva: Bakıda güclü rəqiblərə qarşı yarışıram
Bakı, 26 iyul, Samirə Allahverdiyeva, AZƏRTAC
Azərbaycana ilk dəfədir ki, gəlirəm. Bakı çox xoşuma gəldi. Bakıda güclü rəqiblərə qarşı yarışıram. Ümid edirəm ki, mükafatçılar sırasında yer alaram.
Bu sözləri tanınmış şahmatçı mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin inquşetiyalı iştirakçısı Marina Ekajeva AZƏRTAC-a məxsusi müsahibəsində deyib.
Karyerası barədə danışan M.Ekajeva diqqətə çatdırıb: “Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirin İnquşetiyada seçmə mərhələsinin qalibi oldum və Bakıdakı yarışa vəsiqə qazandım. Rəqiblərim çox güclüdür. Azərbaycanlı şahmatçıların beynəlxalq arenada qazandıqları nailiyyətlərdən xəbərdaram. Ölkənizə qalib olmaq üçün gəlmişəm.
“Məşhur şahmatçı Vüqar Həşimov haqqında yetərincə məlumatlıyam. Onun qazandığı uğurlar çox qürurvericidir. Onun partiyaları ilə tanış oluram. Çünki gələcək karyeram üçün bu, çox önəmlidir. Onun bizim aramızda olmaması çox üzücüdür”, - deyə M.Ekajeva diqqətə çatdırıb.