MƏDƏNİYYƏT
Marionet Teatrında “Leyli və Məcnun” muğam operası nümayiş olunacaq
Bakı, 26 may, AZƏRTAC
İyunun 3-də Marionet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operası nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, biletləri teatrın saytında (http://www.marionet.az) onlayn əldə etmək olar.
Dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. “Leyli və Məcnun” operası Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.
Marionet Teatrı dünyada yetərincə maraqlı və populyar olan, ən çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici janrdır. Bütün yaş qrupundan olan insanların heyranedici rəğbətinə səbəb olan bu teatr janrı xalqımızın zəngin, çoxşaxəli mədəni irsinin ən müxtəlif sahələrini - memarlıq, milli geyim, musiqi, dilimizin nitq melodikası, məişət və bayramlarımız, naxışlar və rəqslərimizi özündə birləşdirir.