MƏDƏNİYYƏT
Marneulidə aprel döyüşlərinə həsr olunmuş filmin təqdimatı olub
Tbilisi, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Gürcüstanın Marneuli rayonunda Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevə həsr olunmuş sənədli filmin təqdimatı keçirilib.
Mərasimdə Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstan parlamentinin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva tədbiri açdıqdan sonra, Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.
Azərbaycan və gürcü xalqları arasındakı dostluq əlaqələrindən, oxşar xüsusiyyətlərdən danışan natiq deyib ki, bu gün hər iki ölkənin ərazisi işğal olunub. O, torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edib.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurası ilə ATXƏM-in birgə hazırladığı bu film 4 günlük müharibədə Azərbaycan Ordusunun qüdrətini bir daha nümayiş etdirdi. Ordumuz işğal altında olan torpaqlarımızı tez bir zamanda azad etməyə hazır olduğunu bir daha sübut etdi.
Sonra film nümayişi olub. Filmdə Azərbaycan Ordusunun qüdrətindən, xalqımızın mübarizlik əzmindən geniş danışılır. Ekran əsərində Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi şərəfli həyat yolu, hərbi xidmət dövrü, döyüş ruhu, bacarıqlı komandirlik təcrübəsi geniş təhlil olunur. Milli Qəhrəmanın 2016-cı ilin aprel döyüşlərindəki qəhrəmanlığının ayrı-ayrı aspektləri filmin süjet xettini təşkil edir. Filmdə bir fikir xüsusi olaraq vurğulanır ki, ordumuz, əsgər və zabitlərimiz hər zaman Ali Bas Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad etməyə, bu yolda canlarından keçməyə hazırdırlar.
Sonra Gürcüstan parlamentinin deputatları Tamaz Naveriani, Ruslan Hacıyev, Ağsaqqallar Şurasinin sədri İsaq Novruzov, gənclərdən Elşən Çobanov çıxış edib, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin qəhrəmanlığından, ölməzliyindən danışıblar. Şəhidlərimizin əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, torpaqlarımızın işğaldan azad olunacağı xüsusi qeyd olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi