CƏMİYYƏT
Marneulidə əlil uşaqlar üçün yeni məktəb tikiləcək
Tbilisi, 7 dekabr, AZƏRTAC
Bu gün Gürcüstanda 3 minə yaxın əlil və fiziki imkanları məhdud olan uşaq var. Onların bir hissəsi azərbaycanlıların yığcam yaşadıqları bölgələrdədir.
Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstanda fəaliyyət göstərən “Uşaq, ailə, cəmiyyət” Mərkəzinin sədri Guna Bibileişvili söyləyib.
O bildirib ki, hazırda mərkəzdə 25 azərbaycanlı uşaq var. Məqsəd bu uşaqların sağlamlıq imkanlarının bərpasına, tərbiyəsinə, eləcə də bu cür uşaqları olan ailələrə yardım göstərməkdir.
G.Bibileşvili deyib: “Uşaqları əlil olaraq dünyaya gələn bəzi ailələr tez depressiyaya düşürlər. Bəzən ailələrdə faciələr də yaşanır. Uşaqlar ölür və ya öldürülür, ailələr dağılır. Biz bu cür neqativ halların qarşısını almağa çalışırıq. Belə ailələr mərkəzə daha tez müraciət etdikdə biz buna daha tez nail oluruq”.
G.Bibileşvili deyib ki, bu gün Tbilisidə və Kutaisidə əlillər üçün məktəblər fəaliyyət göstərir. Lakin yeni doğulmuş və 6 yaşadək uşaqlar üçün belə məktəb yoxdur. “Uşaq, ailə, cəmiyyət” Mərkəzi azərbaycanlıların yığcam yaşadıqları Marneulidə ilk belə məktəb yaratmaq niyyətindədir. Artıq yerli icra strukturlarına müraciət olunub. Mərkəz üçün ikimərtəbəli bina tikiləcək. Bu məktəbdə təkcə Marneulidən deyil, Gürcüstanın bütün bölgələrindən gələn uşaqlar müalicə olunacaq, təhsil və tərbiyə ala biləcəklər.
Xətayi Əziziov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi