CƏMİYYƏT
Marneulidəki kəndlərin içməli su problemi həll olunur
Tbilisi, 5 avqust, AZƏRTAC
Gürcüstan hökuməti azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə əhalinin sosial problemlərinin həllini diqqət mərkəzində saxlayır. Hökumət və yerli idarəetmə orqanları kəndlərin su, yol və digər sosial problemlərinin həllinə çalışır.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı AZƏRTAC-a bildirib ki, Marneuli rayonunun Alget, Əzizkənd, Təzəkənd və Hacıkənd kəndləri uzun illər idi içməli su problemi yaşayırdı. Bölgə və rayon rəhbərliyinin birgə səyi nəticəsində yeni bərpa layihəsi hazırlanıb və “Rustavi su” şirkəti layihəni icra edib. Artıq azərbaycanlılar yaşayan 4 kənddə içməli su problemi həll olunub.
Qeyd edək ki, bu gün kəndlərə içməli suyun verilməsi mərasimi olub. Mərasimdə Qriqori Nemsadze, onun azərbaycanlı müavini Zaur Darğallı, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili və digər rəsmi şəxslər iştirak ediblər.
Tədbirdə bildirilib ki, yaxın vaxtlarda Marneuli rayonunun digər kəndlərində də soydaşlarımızın içməli su problemi öz həllini tapacaq.
Qubernator əhalinin digər problemləri ilə də tanış olub və soydaşlarımız yaşayan bölgələrdə işıq və içməli su problemlərinin olmayacağını bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi