İQTİSADİYYAT
Maroş Şevçoviç: Azərbaycan 2020-ci ilədək Avropa İttifaqının əsas qaz təchizatçısı ola bilər
Bakı, 9 oktyabr, Nihat Budaqov, AZƏRTAC
Azərbaycan 2020-ci ilədək Avropa İttifaqının əsas qaz təchizatçısı ola bilər.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç Parisdə keçirilən konfransda deyib. M.Şevçoviç qeyd edib ki, 2020-ci ildə Avropanı qazla təmin edəcək əsas layihələr Azərbaycandan Avropa İttifaqına çəkiləcək “Cənub” qaz dəhlizi və Aralıq dənizi sahillərində yaradılacaq qaz mərkəzləridir.
O, 2030-cu ildə Avropa İttifaqına ildə 380-450 milyard kubmetr təbii qaz lazım olacağının proqnozlaşdırıldığını bildirib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu qaz boru kəməri – TANAP uzunluğu təxminən 1850 kilometrdir. Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) qoşulacaq TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşulmaqla Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.