REGİONLAR
Marqarita Lomova: Azərbaycanda atıcılıq sahəsində çoxlu idmançılar yetişə bilər
Qəbələ, 20 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Gənclər arasında Dünya Kuboku yarışlarının finalında Çexiya idmançısı Anna Dedovaya qalib gəldim. Qəbələdən xoş təəssüratlarla ayrılıram. Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini, təbiətin gözəlliyini və buradakı uğurumu heç vaxt unutmayacağam.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Qəbələdəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən gənclər arasında Dünya Kuboku uğrunda qızlar arasında 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında qızıl medal qazanan Rusiya idmançısı Marqarita Lomova deyib.
O, yarışların yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: “Qəbələ atıcılıq mərkəzi yüksək səviyyədə inşa edilib, burada idmançılar və qonaqlar üçün lazımi şərait yaradılıb, məşq yerləri və yarış poliqonuna isə söz ola bilməz. Əminəm ki, burada tez-tez beynəlxalq yarışlar təşkil ediləcək”.
Marqarita Lomova atıcılığın inkişafı üçün yaradılan yüksək şəraitə görə Azərbaycan idmançılarının şanslı olduğunu bildirib. “Azərbaycanda atıcılıq sahəsində çoxlu idmançılar yetişə bilər. Yeniyetmə və gənclər mövcud şəraitdən bəhrələnərək yarışlarda yüksək nəticələr qazanmaq imkanına malikdirlər”, - deyə qızıl medalçı qeyd edib.