İDMAN


Marqarita Mamzina: Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı yüksək səviyyədə keçəcək

A+ A

Bakı, 19 iyul, AZƏRTAC 

“Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun finalı yüksək səviyyədə keçəcək, yarışa hazırlıq prosesi də bunu təsdiq edir”, – deyə, ABŞ-nin bədii gimnastika üzrə qrup hərəkətləri komandasının məşqçisi Marqarita Mamzina bildirib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

M.Mamzina deyib: “Biz ilk dəfədir ki, Bakıda belə yarışa qatılırıq. Bugünə qədər gördüyümüz hazırlıq işlərinin gedişatı, yarışın yüksək səviyyədə keçəcəyini deməyə əsas verir”.

Onun sözlərinə görə, qarşıdakı yarış onun komandası üçün Olimpiya öncəsi yoxlama-məşq xarakteri daşıyır və gimnastlar 100 faiz əmək sərf etməyə hazırdılar.

“Bakıdakı Dünya Kuboku Olimpiya Oyunları öncəsi sonuncu yarışdır və bu bizim üçün, Rio-de-Janeyroya yollanmazdan əvvəl əsas məşq toplanışıdır. Biz ilk onluğa düşmək istərdik, əlbəttə bu qızlarımızın çıxışlarından asılıdır. Əsas odur, onlar yaxşı çıxış etsinlər. Düşünürəm ki, komanda yarışa hazırdır. Onlar artıq tarixi addımı atıb, belə ki, ilk dəfə olaraq ABŞ-nin qrup hərəkətləri komandası Olimpiadaya vəsiqə qazanıb”, – deyə məşqçi qeyd edib.

Marqarita Mamzinanın sözlərinə görə, komanda təlim-məşq toplanışı keçmək üçün Bakıya yarış başlamazdan bir neçə gün əvvəl gəlib. Onun fikrincə, Bakıdakı şərait təlim-məşq toplanışı üçün idealdır: “Biz təlim-məşq toplanışı keçmək üçün, Bakıya Dünya Kubokunun başlamasına bir neçə gün qalmış gəlmişik. Qeyd etmək istəyirəm ki, Milli Gimnastika Arenası bu vaxta qədər təlimlərdə olduğumuz ən yaxşı yerlərdən biridir. Həm məşqlər, həm də yaşayış üçün şərait sadəcə möhtəşəmdir”.

Bədii gimnastika üzrə Dünya Kubokunun final mərhələsi iyulun 22-dən 24-dək Bakıda təşkil olunacaq. Yarışın ilk 2 günündə çoxnövçülük üzrə yarışlarda 31 gimnast və 12 qrup hərəkətləri komandası mübarizə aparacaq. Dünya Kubokunun son günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq.

Yarışda ümumilikdə 20 ölkə iştirak edəcək. Bədii gimnastika üzrə Dünya Kubokunda ilk dəfə olaraq Livan gimnastları da çıxış edəcəklər.

Bu il Dünya Kubokunun 9 mərhələsi keçirilib. Bakı finalında ötən mərhələlərdə 4 alət üzrə çıxışlarda ən yaxşı nəticəni göstərib ilk yeri tutmuş gimnastların və qrup hərəkətləri komandalarının xüsusi mükafatlandırma mərasimi baş tutacaq.

Bu dəfə də, bədii gimnastika həvəskarları quruluşu Azərbaycan yığma komandasının Baş məşqçisi Mariana Vasilevaya məxsus olan möhtəşəm açılış mərasimi (22 iyul), həmçinin tanınmış gimnastlarla yanaşı, Azərbaycanın gələcəyi olan gənc gimnastların iştirakı ilə ənənəvi Qala-konserti (24 iyul) izləyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.