QAN YADDAŞI
Mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir
Mingəçevir, 31 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Xain və satqın ermənilərin mənfur siyasəti nəticəsində zaman-zaman torpaqlarımızın böyük bir hissəsi işğal olunub, yüz minlərlə soydaşımız amansızcasına qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Mingəçevir Turizm Kollecində keçirilən “31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir” adlı elmi-nəzəri konfransda səsləndirilib.
Təhsil ocağının Heydər Əliyev İdeoloji Mərkəzində təşkil olunan tədbirdə 31 mart soyqırımı qurbanlarının, eləcə də Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov çıxış edərək əsrlər boyu bədnam ermənilər və onların havadarları tərəfindən türk xalqına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətinin əsl mahiyyətini iştirakçıların diqqətinə çatdırıb. Ə. Əyyubov xalqımızın başına gətirilən faciələrin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olduğunu xatırladıb, bu gün də onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə məqsədyönlü addımların atıldığını deyib.
Vurğulanıb ki, dahi şəxsiyyət Heydər Əliyev xalqımıza qarşı törədilmiş bütün soyqırımı hadisələrinin anılması və həmin faciələrin unudulmaması üçün 1998-ci il martın 26-da Fərman imzalayaraq 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan edib. Əsrlər boyu xalqımıza qarşı törədilmiş, lakin məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti məhz həmin tarixi Fərmandan sonra tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanılıb, qaranlıq səhifələrə aydınlıq gətirilib.
Konfransda müəllim və tələbələr “31 mart soyqırımının dünyada tanıdılmasında ulu öndər Heydər Əliyevin rolu”, “1918-ci ildə Bakıda mart qırğınları” və “Ermənilərin XX əsrin əvvəlində azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti”, “1918–ci ilin martında daşnakların Bakıda törətdikləri amansız cinayətlər”, “1918-ci ilin yazında Şamaxı və Quba şəhərlərində törədilən kütləvi qırğınlar” və “1918-ci ildə Qarabağ, Göyçay, Zəngəzur və Naxçıvan ərazilərində törədilən kütləvi qırğınlar” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda tələbə özfəaliyyət qrupu tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya nümayiş olunub.