QAN YADDAŞI
Mart soyqırımı Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biridir VİDEO
Bakı, 31 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov bildirib ki, 1918-ci il martın 31-dən ermənilərin Bakı və ətraf kəndlərdə başladığı soyqırımı Azərbaycanın bir çox şəhər və rayonlarını, indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadığı kəndləri əhatə edib. Daşnak-bolşevik birləşmələri yüzlərlə yaşayış məntəqəsini dağıdıb, on minlərlə günahsız azərbaycanlını vəhşicəsinə qətlə yetirib, Bakının böyük bir hissəsini xarabalığa çeviriblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla bu qətliama ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Milli Məclisinin deputatı, professor Elman Nəsirov çıxışında deyib ki, 1918-ci il martın 31-də törədilmiş qətliamlar Azərbaycan xalqının qan yaddaşında ən faciəli hadisələrdən biri kimi qalıb. Ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, doğma yurdlarından didərgin salınması siyasəti XX əsrin sonlarında da davam edib. E.Nəsirov qeyd edib ki, hazırda müstəqil Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və güclü ordumuz ermənilərin “Böyük Ermənistan” xülyasını darmadağın edəcək.
Tədbirin sonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş videoçarx nümayiş olunub.