QAN YADDAŞI
Mart soyqırımı xalqımızın tarixində qanla yazılmış səhifədir
Bakı, 31 mart, Xatirə Cəfərova, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) bu ali məktəbin və Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı, Səbail Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətindən danışıb.
Qeyd edilib ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlara məruz qalıb. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar.
Ötən əsrin 80-ci illərində SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başlayıblar. 1992-ci ilin fevralında Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədilib, torpaqlarımızın 20 faizi işğal olunub.
Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan həqiqətlər açılıb, təhrif edilən hadisələr əsl qiymətini alıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşib.
Ulu Öndərin ideya və əməllərini yaşadan, dünyada yeni tipli lider kimi tanınan, bugünkü çətin və mürəkkəb dövrdə müstəqil siyasət yürüdən Prezident İlham Əliyev dövlətçilik maraqlarımızın qorunmasında, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində qəti və prinsipial mövqe nümayiş etdirir. Dövlət başçımızın yorulmaz fəaliyyəti sayəsində Azərbaycan inkişaf edib möhkəmlənərək dünyanın aparıcı ölkələri sırasında layiqli yerini tutub. Qarabağ probleminin həlli istiqamətində mərhələli addımlar atılır, ölkənin iqtisadi gücü artır və siyasi nüfuzu güclənir. Ermənistan isə, əksinə, bizim uğurlarımız fonunda daha da zəifləyir.
ADPU-nun rektoru, professor Yusif Məmmədov vurğulayıb ki, insanlığa qarşı törədilən cinayətlərin ən ağırı sayılan soyqırımı probleminin dərindən və hərtərəfli öyrənilməsi böyük əhəmiyyət daşıyır. Hər bir humanitar faciənin elmi cəhətdən araşdırılması və tarixi faktların dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılması həmin hadisəyə obyektiv siyasi-hüquqi qiymətin verilməsində, günahkarların layiqli cəzalarına çatmasında və gələcəkdə belə halların qarşısının alınmasında həlledici təsir göstərə bilər.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev 1918-ci il hadisələri, sonrakı illərdə ermənilərin Azərbaycan xalqına qarşı təcavüz faktları, onların beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülmüş işlər barədə danışıb.
Tədbirdə XX əsrin müxtəlif dövrlərində azərbaycanlıların məruz qaldıqları soyqırımları, ermənilərin Azərbaycan torpaqlarının işğalı ilə bağlı uzun illər həyata keçirdikləri planları, Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticələri barədə məruzələr dinlənilib.
Konfransın materialları kitab halında çap olunacaq.