CƏMİYYƏT
Martda keçirilmiş səyyar xidmətlərdə 1355 sakinə yeni şəxsiyyət vəsiqələri verilib
Bakı, 1 aprel, AZƏRTAC
Əhaliyə şəxsiyyət vəsiqələrinin verilməsi işinin səmərəliyinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə 2015-ci ilin mart ayı ərzində Bakının və ölkəmizin bir sıra rayonlarında növbəti səyyar xidmətlər keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə paytaxtın Qaradağ Rayon Polis İdarəsinin, Pirallahı, həmçinin Şabran, Sabirabad, Qobustan və Hacıqabul Rayon Polis şöbələrinin müvafiq bölmələrinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirlərlə həmin bölgələrin ayrı-ayrı qəsəbə və kəndlərində yaşayan, əksəriyyətinin şəxsiyyət vəsiqəsinin etibarlıq müddəti bitmiş vətəndaşlar, o cümlədən həddi-buluğa çatmış gənclər, xüsusi diqqət və qayğıya ehtiyacı olan qoca, əlil və xəstə vətəndaşlar yeni sənədlərlə təmin edilib.
Pirallahı rayonu ərazisində, sahildən 40 kilometr məsafədə yerləşən Neft Daşlarında da keçirilən tədbirdə 276 neftçiyə yeni şəxsiyyət vəsiqələri təqdim olunub.
Səyyar xidmətlər nəticəsində həmin rayonların ümumilikdə 1355 sakininə yeni şəxsiyyət vəsiqələri verilib, 47 nəfərin isə müvafiq sənədləri qəbul olunub.
Mütəmadi qaydada təşkil olunan belə tədbirlər davam etdirilir.