ELM VƏ TƏHSİL
Martın 15-dən Bakıda birinci sinfə şagird qəbuluna başlanılır
Bakı, 14 mart, Maqsud Dadaşov, AZƏRTAC
Martın 14-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə təşkilinə həsr olunmuş mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva, ümumtəhsil sektorunun müdiri Lamiyə Şərəfxanova I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi ilə bağlı məlumat veriblər. Qeyd olunub ki, 2017-2018-ci dərs ili üçün Bakı şəhərində I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə martın 15-dən başlanılır.
Bildirilib ki, Prezident İlham Əliyevin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının icrasını təmin etmək məqsədilə tətbiq olunan elektron sistem vasitəsilə I sinfə şagird qəbulu BŞTİ tərəfindən ərizələrin onlayn qeydiyyatı yolu ilə reallaşacaq. Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçiriləcək. Martın 15-dən sentyabrın 15-dək olan tarixi əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakının hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Həmçinin I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli üçün Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində apellyasiya komissiyaları təşkil olunub.
Diqqətə çatdırılıb ki, ümumi təhsil məktəbinin I sinfinə cari il sentyabrın 15-dək 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçən 2011-ci il sentyabrın 16-dan dekabrın 31-dək dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirən uşaqlar qəbul edilir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində və BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 287 nömrəli “Zəkalar” liseyi, eləcə də 160 nömrəli Klassik Gimnaziyada 2017-2018-ci dərs ili üçün birinci sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Digər ərazilərdə yaşayan valideynlərin (qanuni nümayəndələrin) uşaqları qeyd olunan ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər.
Vurğulanıb ki, BŞTİ tərəfindən mektebeqebul.edu.az saytının istifadəçiləri üçün 2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat hazırlanıb.
Eyni zamanda, vətəndaşları düşündürən məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi “Facebook” səhifəsində martın 15-dən 17-dək I sinfə qəbulla bağlı suallara cavab veriləcək.