DÜNYA
Martin Şults Angela Merkeli “yıxa biləcəkmi?”
Berlin, 14 aprel, AZƏRTAC
AFR-də parlament seçkilərinə beş aydan bir qədər çox vaxt qalır. Kansler vəzifəsini kimin tutacağı həmin seçkilərin yekunlarından asılıdır. Angela Merkel hökumət başçısı vəzifəsini özündə saxlamaq niyyətindədir, onun rəqibi – sosial-demokratların nümayəndəsi Martin Şults isə kansler kürsüsündə özü əyləşmək istəyir.
“Döyçe Velle” agentliyi Şultsun bu məqsədə necə nail olmağa hazırlaşdığını təhlil edib. Agentliyin fikrincə, Şultsun kansler vəzifəsinə namizədliyinin irəli sürülməsi və onun yekdilliklə Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) sədri seçilməsi uzun müddət siyasi depressiya vəziyyətində olan bu partiyanı ruhlandırıb. Sosial-demokratların reytinqi artıb.
Əgər sentyabrın 24-də keçiriləcək seçkilərdə sosial-demokratlar XDİ/XSİ partiya blokundan olan Angela Merkelin mühafizəkar tərəfdarlarını geridə qoysalar, bu halda məhz sosial-demokratlar kansler vəzifəsini tutmağa iddia edə biləcəklər. Hərçənd, Almaniyanın siyasi reallıqları şəraitində onlar birpartiyalı hökumət yarada bilməyəcəklər.
İstər ASDP-nin, istərsə də XDİ/XSİ blokunun qarşıdakı seçkilərdə və deməli, həm də parlamentdə mütləq üstünlüyə nail olmaq şansı yoxdur. Lakin bu halda Şults mühafizəkarlarla belə adlandırılan “böyük koalisiya”nı bərpa edərək rolları dəyişmək, yəni kiçik tərəfdaşdan böyük tərəfdaşa çevrilmək imkanı qazana bilərdi.
“Döyçe Velle” ekspertlərinin fikrincə, sosial-demokratlar Angela Merkeli nazirlər kabinetinin rəhbəri vəzifəsindən götürməyin bu variantını özləri üçün ən etibarlı variant hesab edirlər. Üstəlik, rəy sorğuları göstərir ki, bu, hələlik yeganə mümkün variantdır. Lakin qarşıdakı beş ay ərzində seçicilərin əhvalı dəyişə bilər, buna görə də ASDP-də ehtiyat variantları da götür-qoy edirlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin