REGİONLAR


Masallı Sənaye Məhəlləsi rayonda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar açacaq

A+ A

Masallı, 28 iyul, Bağır Əliyev, AZƏRTAC

Masallıda yaradılacaq sənaye məhəlləsi 10 hektar sahəni əhatə edəcək və burada qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər verir ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə olunmaqla sənaye sahələrinin inkişaf etdirilməsi, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluğun və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir.

Hazırda müasir tələblərə cavab verən və rəqabətqabiliyyətli istehsal infrastrukturuna malik sənaye parklarının və məhəllələrinin, yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və məşğulluq səviyyəsinin artırılması ölkənin sənayeləşmə siyasətinin əsas prioritetlərindəndir.

Kiçik və orta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Prezident İlham Əliyevin 2016-cı il 13 iyun tarixli Sərəncamına müvafiq olaraq Masallı rayonunda Sənaye Məhəlləsi yaradılacaq.

On hektar sahəni əhatə edəcək Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri fəaliyyət göstərəcək.

Sahibkarlar Masallı Sənaye Məhəlləsinə böyük maraq göstərirlər. Belə ki, iş adamları tərəfindən ümumi dəyəri 31 milyon manatdan çox olan 33 layihə təklif olunub. Bu layihələr əsasən mebel istehsalı, avtomobil təmiri, alüminium, plastik qapı-pəncərə və müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Burada, həmçinin aqrologistik mərkəzin yaradılması da nəzərdə tutulub.

Masallının iqtisadi inkişafının təmin edilməsinə, kiçik və orta sahibkarlığın daha geniş vüsət almasına, başlıcası isə əhalinin işlə təmin olunmasına kömək göstərəcək sənaye məhəlləsi, eyni zamanda, Rusiyada və digər ölkələrdə fəaliyyət göstərən yerli iş adamları üçün də geniş imkanlar yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.