REGİONLAR
Masallı: ali məktəblərə qəbul olan məzunlar arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb
Masallı, 7 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərində bu yaxınlarda istifadəyə verilmiş "ASAN həyat" kompleksində bu il ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri təbrik edib.
Bu il rayonun ümumtəhsil məktəblərini bitirən 500-ə yaxın məzunun ali məktəblərə qəbul olunduğunu vurğulayan R.Hüseynov onlardan 40 nəfərinin 600, 47 nəfərinin isə 500-dən yuxarı bal topladığını diqqətə çatdırıb.
Qeyd olunub ki, ali məktəblərə qəbul olan məzunlar arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Görüşdə çıxış edən rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov bu il ali məktəblərə daxil olan məzunlar və onların təhsil alacağı ali təhsil müəssisələri barədə məlumat verib.
Çıxış edən tələbələr rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Masallı Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin fəxri fərmanları verilib.